Qeyri-maddi aktivlərin amortizasiyası
Qeyri-maddi aktivlərin amortizasiyası
Təcrübədə ən çox rast gəlinən suallardan biri də qeyri-maddi aktivlərin amortizasiyası ilə bağlıdır. Mövzunu “vergiler.az”a auditor Rəşid Balakişiyev şərh edir.
Vergi Məcəlləsinin 13.2.9-cu maddəsinə əsasən, qeyri-maddi aktivlər — intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır.
Məcəllənin 114.3.6-cı maddəsində göstərilib ki, qeyri-maddi aktivlər üzrə amortizasiya istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə hesablanır.
Deməli, qeyri-maddi aktivləri amortizasiya edərkən ilk öncə istifadə müddətinin məlum olduğu və olmadığı halları nəzərdən keçirməliyik.
Misal 1: “AA” MMC 2020-ci ildə 9.000 manata lisenziya alıb və bu lisenziyadan 3 il müddətində istifadə edə bilər. Bu halda, Vergi Məcəlləsinin 114.3.6.-cı maddəsinə əsasən, “AA” MMC 2020, 2021 və 2022-ci illərin hər birində 3.000 manat amortizasiya məbləğini xərc kimi qeyd edəcək.
Misal 2: “BB” MMC 2020-ci ildə 50.000 manata proqram təminatı əldə edib. Alınmış məhsulun faydalı istifadə müddəti məlum deyil. Şirkət 2020-ci ildə, Vergi Məcəlləsinin 114.3.6.-cı maddəsinə əsasən, 5.000 manat amortizasiya məbləğini xərc kimi qeyd edəcək.
Burada ən maraqlı məqam 2021-ci il üçün amortizasiya hesablanmasıdır. Belə ki, Vergi Məcəlləsinin 114.6.-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:
Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir. Vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.
Göründüyü kimi, bu maddəyə əsasən, növbəti il üçün amortizasiya hesablanarkən əsas vəsaitlərin qalıq dəyəri əsas götürülməlidir. Həmçinin, Vergi Məcəlləsinin 118.2-ci maddəsinə əsasən, qeyri-maddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Bu iki maddəni əsas götürsək, 2021-ci il üçün amortizasiya məbləği 4.500 manat hesablanacaq:
50.000 — 5.000 = 45.000 manat;
45.000 x 10% = 4.500 manat.
Lakin burada bir vacib məqama diqqət yetirməliyik. Vergi Məcəlləsinin 114.6-cı maddəsində konkret olaraq əsas vəsaitlərdən bəhs edilir. Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.
Qeyri-maddi aktivlər isə, adından da göründüyü kimi, maddi aktiv sayılmır. Buna görə də MMC 2021-ci il üçün amortizasiya hesablayarkən 2020-ci ilin sonuna qeyri-maddi aktivin qalıq dəyərini əsas kimi götürmək öhdəliyini daşımır. Bu halda müəssisə hər il üçün amortizasiya məbləğini 5.000 manatdan çox olmamaq şərtilə hesablaya bilər.
50.000 x 10% = 5.000 manat (10 il müddətində)
Maliyyə uçotuna gəldikdə isə qeyri-maddi aktivlərin uçotu muhasibat uçotunun 38-ci beynəlxalq standartına əsasən tənzimlənir. Qeyri-maddi aktivlər istifadə müddəti müəyyən olunduqda amortizasiya eynən vergi uçotunda olduğu kimi edilir. Faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri-maddi aktivlərə amortizasiya hesablanılmır. Bu cür qeyri-maddi aktivlərin bərpa dəyəri balans dəyəri ilə müqayisə edilməklə istənilən an qiymətdən düşmə ehtimalı olduqda yoxlanılmalıdır. Qeyri-maddi aktiv qiymətdən düşdükdə qiymətdəndüşmə məbləğinə müvafiq xərc hesabının debeti və qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri hesabının krediti üzrə mühasibat yazılışı verilir.
Misal 3: “CC” MMC 2020-ci ildə 50.000 manata proqram təminatı əldə edib. Növbəti il yenidənqiymətləndirmə aparılıb və qeyri-maddi aktivin dəyərinin 40.000 manat olduğu müəyyən edilib. Bu zaman aşağıdakı yazılış verilməlidir:
Debet 731 – Kredit 102 10000
Onu da qeyd edək ki, yenidənqiymətləndirmə zamanı qiymətin artdığı hal olarsa, qiymət artımı qeyri-maddi aktivlər üzrə hesabın debeti və müvafiq kapital ehtiyatı hesabının kreditinə yazılış verilməklə əks olunur.