Azərbaycan ərazisindən tranzit keçən avtonəqliyyat vasitələri üçün yol vergisinin hesablanması
Azərbaycan ərazisindən tranzit keçən avtonəqliyyat vasitələri üçün yol vergisinin hesablanması
İqtisadçı ekspert Mahmud Abasquliyev “vergiler.az”a mövzu ilə bağlı qanunvericiliyin tələbələrini şərh edir.
Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Yol vergisinin vergitutma obyekti isə aşağıdakılardır:
— Azərbaycan Respublikasının ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələri;
— Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzini, dizel yanacağı və maye qaz;
— Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.
Misal 1: Rezident müəssisə tərəfindən hesabat ayı ərzində 45.000 litr benzin istehsal edilərək yanacaqdoldurma məntəqələrinə satılmışdır. Müəssisə yol vergisinin aylıq məbləğini aşağıdakı kimi hesablayacaq:
45.000 x 0.02 = 900 manat.
Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanmış verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
38 tondan 41 tonadək olduqda
| 0,15 ABŞ dolları;
|
41 tondan 51 tonadək olduqda
| 0,30 ABŞ dolları;
|
51 tondan 61 tonadək olduqda
| 0,45 ABŞ dolları;
|
61 tondan 71 tonadək olduqda
| 0,60 ABŞ dolları;
|
71 tondan 81 tonadək olduqda
| 0,75 ABŞ dolları;
|
81 tondan çox olduqda
| 1,8 ABŞ dolları; |
Misal 2: Türkiyə Respublikasına məxsus, oxlarının sayı 5, yüklə birlikdə çəkisi 60 ton olan ağır avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının ərazisində 3 gün qalıb. Bu müddət ərzində 535 km məsafə qət edib. (Ölkə ərazisində oxların sayı 4-dən çox olduqda 2 həftəyə qədər aztəhükəli yüklər üçün verginin məbləği 80 dollardan hesablanır). Bu halda həmin avtonəqliyyat vasitəsi üçün ödənilməli olan yol vergisinin məbləği aşağıdakı kimi müəyyən olunur:
80 + (0,45 x 535) = 320,75 dollar.
Deməli, ödənilməli olan yol vergisinin məbləği 320,75 ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.
Vergi Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.