Dividend gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi
Dividend gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi
Oxucularımızı maraqlandıran suallardan biri də dividend gəlirlərinin vergiyə cəlb olunub-olunmaması ilə bağlıdır. Mövzuya “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.
Ekspertin bildirdiyinə görə, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. Həmin maddənin müddəlarından da görmək olur ki, dividend gəliri satışdan kənar gəlir hesab edilir. Payçıların da dividend gəliri iki halda olar bilər: Azərbaycan Respublikasının hüdudlarından əldə edilən dividend və ölkə hüdudlarından kənarda əldə olunan dividend.
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından (daxildən) əldə edilən dividend vergitutma obyekti deyil.
Misal 1: “AA” MMC “BB” MMC-nin təsisçisidir. “BB” MMC il üzrə 600.000 manat mənfəət əldə edib və “AA” MMC-yə 400.000 manat dividend ödəyıb. Belə olan halda, dividendi ödəyən “BB” MMC Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, ödəmə mənbəyindən 10% vergi tutaraq ödəniş edib. Məcəllənin 122.2-ci maddəsində göstərilib ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun qaydada vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Sadəcə olaraq, dividend gəlirini əldə edən “AA” MMC il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 211.1-ci sətrində əldə etdiyi dividendin məbləğini göstərməli, bəyannamənin 219.1 sətrində isə həmin məbləği azaltmalıdır.
Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən dividend vergitutma obyekti hesab olunur.
Misal 2: “AA” MMC xaricdə təsis edilmiş “C” LLC-nin təsisçisidir və “C” LLC “AA” MMC-yə 250.000 manat dividend ödənişi edib. Belə olan halda, “C” LLC 250.000 manatı mənfəətə cəlb etməli və mənfəət vergisi bəyannaməsində bəyan etməlidir.
Həmçinin, Vergi Məcəlləsinin 127-ci maddəsinə əsasən, ölkə hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
Misal 3: “BX” MMC xaricdə təsis edilmiş “BY” LLC-nin təsisçisidir. “BY” LLC təsisçisi olan “BX” MMC-yə 300.000 manat dividend elan edib və öz ölkəsində bundan 15%, yəni 45.000 manat vergi ödəyib. Belə olan olan halda, “BX” MMC Azərbaycan Respublikasında 15.000 manat vergi ödəyəcək:
300.000 x 20% = 60.000 manat;
60.000 – 45.000 = 15.000 manat.